10-cu Bakı Beynəlxalq Kitab sərgisi
Oktyabr 2, 2024
Şah İsmayıl Xətainin Fərmanının təqdimat mərasimi keçirilib
Oktyabr 16, 2024

Mədəniyyət Könüllüləri “Cəbrayıl  Şəhəri Günü”ndə  

Oktyabr 4, 2024

Oktyabrın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl şəhərində bayram tədbiri keçirilib. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurda qovuşmuş bir qrup Cəbrayıl sakini və media nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçları şəhərin yenidən qurulan mərkəzi meydanında bir neçə hissədən ibarət sərgi ilə tanış olublar.

 Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə hazırlanan “Zamanın qanadlarında. Cəbrayıl” adlı fotosərgidə Cəbrayılın fotoarxivdə qorunan təsvirləri ilə yanaşı, müasir mühiti, dirçələn həyatı əks olunub. “Yurdum. Cəbrayıl” adlı rəngkarlıq sərgisində Cəbrayıla ezam olunan rəssamların, həmçinin yerli rəssamların yaratdığı əsərlər nümayişi yer alıb. Cəbrayıl xalça məktəbinin nümunələrindən ibarət sərgidə Milli Xalça Muzeyinin daimi kolleksiyasından ənənəvi üsulla toxunan xalçalar və xalça məmulatları təqdim olunub. Sərgi boyu 11 aşırımlı Xudafərin körpüsünün kiçik modeli rəssamlar tərəfindən işlənilib. Eyni zamanda sərgi məkanında qurulmuş xüsusi guşədə Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Qaraca qız”, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı isə “Arşın mal alan” tamaşaları nümayiş etdiriblər. Təqdim olunan konsert və tamaşalar doğma yurdda yenicə məskunlaşan Cəbrayıl sakinləri və digər qonaqların könlünü oxşayıb.

Tədbir çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai birliyi “Sən Də Mədəniyyətə Könül Ver!” adlı təşəbbüsünü təqdim ediblər. Eyni zamanda artıq ənənə halını daşıyan “Ədəbiyyata Könül Ver!” kitab rəfini Cəbrayıl şəhərinə hədiyyə ediblər. Bunlarla yanaşı Mədəniyyət Könüllüləri uşaqlar üçün intellektual və əyləncəli oyunlar keçirdiblər.