“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirdi
Dekabr 11, 2023
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2023-cü ilin yekunlarına həsr olunan toplantısı baş tutub
Dekabr 26, 2023

Ölkəmizdə ilk dəfə Mədəni İrs Forumu keçirildi

Dekabr 18, 2023

18 dekabrda “Gülüstan” Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəni irs forumu keçirildi. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən və dekabrın 20-dək davam edən forum ölkəmizdə ilk dəfə keçirildi. Forum iştirakçıları Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzdülər, Ulu öndərin xatirəsi ehtiramla yad edildi. Görkəmli oftalmoloq-alim, akademik Zərifəxanım Əliyevanın da məzarı ziyarət edildi. Tədbirdə rəsmilər, millət vəkilləri, elm və mədəniyyət xadimləri, mədəni irs üzrə mütəxəssislər iştirak etdilər. İştirakçılar əvvəlcə sarayın foyesində milli tətbiqi-dekorativ sənət nümunələri – misgərlik, xalçaçılıq, kəlağayı sənəti, təkəlduz örnəklərindən ibarət sərgi ilə tanış oldular. 

Forumun açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirdi ki, hər bir xalqı dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir. Mədəni dəyərlərimiz tarixin müxtəlif mərhələlərində nə qədər çətinliklərlə üzləşsə də, xalq kimi varlığımızı qoruyub saxlayan bizim ənənələrimiz, tariximiz, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olub.

Qeyd edilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəni irsimizin qorunması, bərpası və təbliği diqqət mərkəzində saxlanılır. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən bu sahədə böyük işlər görülür, müxtəlif layihələr həyata keçirilir.      

Mədəni irsimizin beynəlxalq aləmdə təbliği barədə danışan Səadət Yusifova deyibki, ölkəmizdə 26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun Dünya İrs Siyahısında yer alıb. Azərbaycanın 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bildirilib ki, hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6308 abidə mövcuddur. Onlardan 1400-dən çox tarixi-mədəni əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb: “Son 3 il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər sırasında mədəni irs də var. Ona görə də bu istiqamətdə görüləcək işlərə daha həssas, sistemli və kompleks yanaşılmalı, kadr hazırlığına xüsusi diqqət yetirilməli, elmi araşdırmaların sayı və keyfiyyəti artırılmalıdır. Bu baxımdan, iki gün ərzində forum gedişində mədəni irsin qorunması ilə bağlı müzakirələrə çıxarılacaq məsələlər və təkliflər diqqətə alınacaq və 2040-cı ilə hədəflənmiş yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq”.

Səadət Yusifova çıxışının sonunda forumun işinə uğurlar arzuladı. Digər rəsmi qonaqların çıxışlarından sonra forum işini panel müzakirələrlə davam etdirdi.

Qeyd edək ki, 2 gün davam edən Mədəni İrs forumunda mədəniyyət könüllüləri fəal olaraq iştirak etdilər.