10 dekabrda Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirildi.Tədbirdən əvvəl TÜRKSOY tərəfindən 12 rəssamın əsəri Şuşaya hədiyyə edildi.
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət və hökumət rəsmiləri, elm və incəsənət xadimləri, yazarlar, TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak etdilər.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli bu ilin Azərbaycan və Türk dünyası üçün tarixi hadisələrlə zəngin olduğunu diqqətə çatdırdı. Nazir deyib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib, Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi Türk dünyasında böyük təntənə ilə qeyd olunur. Şuşada baş tutan I Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər açacaq, Türk dünyasının ən güclü ortaq platformalarından birinə çevriləcək.
Adil Kərimli qeyd edib ki, cari ildə ölkədə çoxsaylı tədbirlər təşkil olunub. Bunlar həm Şuşanın, həm bütövlükdə Azərbaycan mədəniyyətinin zəngin irsinin, eyni zamanda, Türk dünyasının mədəniyyətinin təqdim edilməsində əvəzsiz rol oynayacaq.Tədbirdə çıxış edən Türkmənistanın mədəniyyət naziri Atageldi Şahmuradov belə tədbirlərin Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət etdiyini vurğuladı. O qeyd etdi ki, Türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
Tədbirdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirildi.Qeyd edək ki, “Şuşa- Türk dünyasının mədəniyyət paytaxtı- 2023” ilinin rəsmi bağlanış tədbirində mədəniyyət könüllüləri iştirak etdilər.







