21-23 fevral 2024-cü il tarixlərində Nizami Kino Mərkəzində “CINEMO” Mobil Film Festivalı başlayıb. Fevral ayının 23-də isə Festivalın mükafatlandırma və bağlanış mərasimi keçirilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Yaradıcı Həftə” çərçivəsində ötən ilin dekabrın 1-dən start götürmüş CINEMO Mobil Film Festivalı Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə baş tutub.
Devizi “Fikir çəkmə, telefona çək” olan festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Festivala 150 nəfərin film təqdim edilib və onlardan 70-i (34 bədii film, 17 sənədli film, 19 sosial çarx) seçilib. Festivala respublikanın 15 şəhərindən iştirakçı qoşulub.
Qala gecədə mədəniyyət könüllüləri fəaliyyət göstəriblər.