Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Açılış mərasimindən sonra Forum işini plenar və panel sessiyalarla davam etdirdi.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak ediblər. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.
Üç gün davam edən Forum çərçivəsində 4 plenar sessiya və 12 panel müzakirə keçirilib. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edib.
Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri təşkil olunub. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilib.
Qeyd edək ki, 1-3 may tarixlərində keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyət könüllüləri fəal iştirak ediblər.





