1-3 sentyabr tarixlərində ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirildi. Forum Ümummillilider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və MədəniyyətNazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şamaxı Rayon İcraHakimiyyətinin dəstəyi ilə gerçəkləşdi.
Sentyabrın 1-də Şamaxı şəhərində forumun açılış mərasimi keçirildi. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri, media nümayəndələri iştirak etdi.
Əvvəlcə forum iştirakçıları Ulu öndər Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoydular. Sonra tədbir məkanında ədəbi-bədii proqram təqdim olundu.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq forumun əhəmiyyətindən söz açdı. Diqqətə çatdırdı ki, tədbirin açılışının Şamaxıda reallaşması təsadüfi deyil. Şamaxı qədim ədəbi ənənələri, ədəbi məktəbi olan bir şəhərdir: “Ona görə də biz bu ənənəni davam etdirmək istəyirik. Tarixi və ədəbi ənənələrini nəzərə alaraq, 2025-ci ildə Şamaxının “ədiblər şəhəri” şəbəkəsinə daxil edilməsi ilə bağlı UNESCO-ya müraciət edilməsi də nəzərdə tutulur”.
Sentyabrın 2 və 3-ü isə Bakı şəhərində Gülüstan sarayında “Azərbaycan Dili və Ədəbiyyatı” Forumu keçirildi. Forumda tanınmış dilçi və ədəbiyyatşünas alimlər, yazıçı və naşirlər iştirak etdilər. Forum çərçivəsində keçirilən panel iclaslarda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar oldu. Qeyd edək ki, forumda mədəniyyət könüllüləri fəal olaraq iştirak etdilər.




