Aprelin 20-21 tarixlərində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirildi. Forumun açılışından öncə kino xadimləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoydular. Sonra Heydər Əliyev Mərkəzində forumun açılış mərasimi keçirildi.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin kollektivi, ölkəmizin tanınmış kino xadimləri və media mənsubları iştirak etdilər. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın 125 illik kino salnaməsini əks etdirən fotosərgiyə baxdılar.
Tədbirdə açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamladı, diqqətə çatdırdı ki, zəngin ənənələrə sahib olan Azərbaycan kinosuna həsr edilən forum Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilir.
Ulu Öndər Heydər Əliyevin kino sahəsinin inkişafına diqqət və qayğısından danışan Adil Kərimli dedi: “İncəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri var. “Kino bizim xalqımızın salnaməsidir”, – deyən Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərib. Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi, kinoda da durğunluq yarandığı bir vaxtda məhz Ulu Öndərin qayğısı nəticəsində Azərbaycan kinosu yenidən inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin rəhbərliyi ilə 1993-cü ildən Azərbaycanda kino fəaliyyətinin normativ-hüquqi bazasının formalaşdırılmasına başlanıldı. Həmin il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Film Fondu təsis edildi. Azərbaycan Kinosu Gününün təsis edilməsi kimi tarixi bir addım da məhz Heydər Əliyevin bu sahədə əvəzsiz xidmətlərinin nəticəsidir. Uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun yaranma tarixi isə 1916-cı ildən hesab olunurdu. Lakin Ulu Öndər tərəfindən kino tariximizə qarşı bu haqsızlığa son qoyuldu və Prezident Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə milli kino tarixinin başlanğıcı 1898-ci ilin 2 avqust tarixi qəbul olundu. 20 ildən çoxdur ki, 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd edilir”.
Çıxışlardan sonra Azərbaycan kino tarixini əks etdirən video çarx nümayiş olundu. Daha sonra kino forum panel sessiyalarla öz işini davam etdirdi.
İki gün davam edən kino forum xatirə fotolarının çəkdirilməsi ilə başa çatdı.




