Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi aprelin 2 – də Heydər Əliyev Sarayında keçirildi. Tədbirdə AzərbaycanRespublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan və Belarusun mədəniyyət nazirləri
Adil Kərimli və Anatoli Markeviç, millət vəkilləri, hər iki ölkənin mədəniyyət xadimləri və digər qonaqlar iştirak etdilər.
Əvvəlcə qonaqlar Heydər Əliyev Sarayının foyesində təqdim edilən banner və Belarus xalq sənətkarlığı nümunələrinin sərgisi ilə tanış oldular. Sərgi məkanında dost ölkə sənətkarlarının ustad dərsləri xüsusi maraqla izlənildi.
Tədbir Azərbaycan və Belarusun Dövlət himnlərinin səslənməsi ilə başladı. Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli belaruslu qonaqları və tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, ölkələrimiz arasında hər zaman möhkəm dostluq əlaqələri mövcud olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mütəmadi görüşləri, dostluq münasibətləri sayəsində ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də iki tərəfli əməkdaşlığa geniş üfüqlər açılıb.
Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç də çıxışında Azərbaycanı ölkəsinin etibarlı dostu kimi səciyyələndirdi: “Bizim dostluq ənənələrimizin köklü tarixi var və bu əməkdaşlıq gələcəyə hesablanıb. Biz mədəni əməkdaşlığımızı yüksək dəyərləndiririk və bu münasibətlərin davamlılığı qarşıda böyük birgə layihələrin reallaşmasına zəmin yaradacaq”.
Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olundu.
Tədbirdə mədəniyyət könüllüləri fəaliyyət göstəriblər.





