Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına (UİF) yekun vuruldu. Noyabrın 13-də Heydər Əliyev Mərkəzində festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.
Rəsmi qonaqların çıxışlarından sonra festivalın qalibləri mükafatlandırıldı. Fərdi və kollektiv nominasiya üzrə ümumilikdə 408 nəfər qalib oldu. Qaliblərə diplom və hədiyyələr təqdim olundu. Mükafatlandırma mərasimindən sonra festivalın ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhərinin adı açıqlandı. Bakı şəhəri adı çəkilən nominasiyalara görə növbəti il festivala ev sahibliyi etmək hüququ qazandı. Sonda ölkəmizin tanınmış incəsənət ustaları və UİF-nin qaliblərinin iştirakı ilə konsert proqramı təqdim edildi. Bununla da müstəqillik dövrünün ən böyük sənət layihəsi sayılan Uşaq İncəsənət Festivalına yekun vuruldu.
Qeyd edək ki, Uşaq İncəsənət Festivalının bağlanış və mükafatlandırma mərasimdə mədəniyyət könüllüləri fəal olaraq iştirak etdilər.
