Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsinin açılışı olub .
Layihənin ilk günü baş tutan konfransı giriş sözü ilə açan filologiya elmləri doktoru, akademik, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov layihənin keçirilməsini yüksək qiymətləndirib. Konfransda akademik Rafael Hüseynov “Nizami Gəncəvi ədəbi məktəbinin Şərq və Qərb ədəbi-mədəni təfəkküründə yeri”, filologiya elmləri üzrə fəlsəfə doktoru İlahə Hacıyeva “Anadilli “Xəmsə” ardıcılları: bütöv və fraqmentar cavablar”, Əməkdar rəssam Elçin Hami Axundov “Nizami şəxsiyyəti və irsinin animasiya həllinin problemləri və “Xəmsə” süjetləri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan ədəbiyyatında Nizami Gəncəvi obrazı” mövzuları ilə çıxış ediblər.
Həmçinin layihənin ilk günü libretto müəllifi Şahin Musaoğlu, musiqisi gənc bəstəkar Tamilla Əhədovaya məxsus “5 QAPI” tamaşası ilk dəfə təqdim olunub.
Layihənin sonuncu günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdimatında Nizami məqbərəsinin önündə görkəmli bəstəkar, Xalq artisti Əfrasiyab Bədəlbəylinin “Nizami” operası nümayiş etdirilib. Beş gün davam edən “Nizami günləri” layihəsi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Qeyd edək ki, 11-15 sentyabr tarixlərində “Nizami günləri” layihəsi çərçivəsində təşkil olunmuş tədbirlərdə Gəncə şəhər Mədəniyyət Könüllüləri fəal iştirak ediblər.






