12 mart 2024-cü il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin “Mədəniyyətə könül ver!” adlı görüşü keçirildi.Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla andılar. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Görüşdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Nurəddin Babazadə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov, KOBİA-nın Gəncə-Qazax Regional Koordinatorluğunun koordinatoru Anar Əliyev və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli çıxış etdilər. Çıxışlarda mədəniyyət sahəsində mədəniyyət könüllülərinin əhəmiyyətindən bəhs edilib, gənclərimizin bu prosesdə aktiv iştirakının təqdirəlayiq olduğu bildirildi. Görüşdə 200 nəfərə yaxın gəncəli mədəniyyət könüllüsü oldu. Tədbirin sonunda mədəniyyət könüllülərinin fəxri üzvü İlkin Dövlətov “Bura Vətəndir” mahnısını ifa etdi.
Görüşdən sonra dahi şair, mütəfəkkir Nizami Gəncəvinin məqbərəsi və muzeyi ziyarət edildi. Muzeydə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verildi. Daha sonra isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gəncəli mədəniyyət könüllüləri tərəfindən hazırlanmış “Novruz şənliyi” tamaşası təqdim edildi. Tamaşa izləyicilər tərəfindən rəğbətlə qarşılandı.
Növbəti gün Məhsəti Gəncəvi Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin və “Fərəh” Sosial İctimai Birliyinin fiziki məhdudiyyətli üzvləri ilə görüş keçirildi. Görüşdə “Fərəh” Sosial İctimai Birliyinin təsisçisi İlqar Hümbətov, əməkdaşı Əzizə Quliyeva fəaliyyətləri haqqında məlumat verdilər. Görüş zamanı fiziki məhdudiyyətli mədəniyyətsevərlər arasında şeir söyləyən, tarda ifa edən və əl işlərini təqdim edənlər oldu. “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli qurumun məqsədi və fəaliyyəti haqqında danışdı.Daha sonra isə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri və üzvlər “URBAN” Mərkəzində “Gəncəsənət” layihəsinin iştirakçıları ilə görüşdülər. Görüşdə Gəncə sənətkarlarının əl işlərinə baxış keçirilib və gələcəkdə nəzərdə tutulan sərgi və yarmakalar müzakirə edildi. Təşkil olunan görüşlər mədəniyyətsevərlər üçün maraqlı və səmərəli keçdi. Yekunda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin nümayəndəliyinin yaradılması ilə əlaqədar müzakirələr aparıldı.































