Birinci Uşaq İncəsənət Festivalı çərçivəsində iyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 uşaq üçün yay düşərgəsi təşkil edildi. Düşərgənin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdan ibarət idi. Düşərgə ərəfəsində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar keçirildi. Əməkdar artist, tarzən Səbuhi Cəfərov, Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Əliyeva, Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov, rəssam Yusif Mirzə, qiraətçi Hüseynağa Aslanov və rəqqasə Tamilla Əliyeva tərəfindən ustad dərsləri təşkil edildi.
Qeyd edək ki, Birinci Uşaq İncəsənət Festivalı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə gerçəkləşdi. Festivalın iyul-avqust aylarını əhatə edən regional mərhələsi ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçirildi.
Mədəniyyət Könüllüləri düşərgədə fəal iştirak etdilər.




