Avqustun 26-da Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın şəhərindəki Bayraq meydanında Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi keçirilib. Bayram ab-havası ilə keçirilən mərasimdə doğma Vətənə qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə Bayraq meydanından “Lacinema” Kino Mərkəzinə yürüş keçirilib. Qonaqlar Kino Mərkəzində “Laçınım mənim” rəsm sərgisi və “Zamanın qanadlarında – Laçın” fotosərgisi ilə tanış olublar.
Eyni zamanda şəhərin mənzərəli terrasında rəngarəng proqramlar həyata keçirilib. Məkanda xalq tətbiqi sənəti üzrə ustad dərsləri təşkil olunub.
Həmçinin gün ərzində Həkəri çayının sahilində “Can Laçın” yarmarkası (Laçın mətbəxinin təqdimatı), Dağların nəfəsi – poeziya saatı və uşaqlar üçün tədbirlər, o cümlədən “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən çərpələng uçurtma, müxtəlif yarışlar, əyləncəli oyunlar, face art və s. təşkil olunub.
Qeyd edək ki, ötən ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis edilib.











