“Yaşıl Dünya” adlı rəsm sərgisinin açılışı baş tutdu.
İyun 6, 2024
Əziz Əliyev “Televiziya işi” mövzusunda təlim keçmişdir.
İyun 11, 2024

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərində Mədəniyyət Könüllüləri

İyun 10, 2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyunun 10-dan 14-dək Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirildi.  Zəngin proqramı olan tədbir Azərbaycan mədəniyyət və incəsənətinin qardaş ölkədə növbəti təntənəsi oldu. Bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazarlar, media nümayəndələri Daşkəndə səfər etdilər.

Mədəniyyət günlərinin proqramına uyğun olaraq iyunun 11-də Özbəkistan Yazıçılar İttifaqında “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirildi. Həmin gün Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı oldu. Həmçinin “Özbəkistan” Forumlar Sarayında Azərbaycan şirniyyatlarının təqdimatı, elə həmin məkanda Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert baş tutdu.

Mədəniyyət günləri iyunun 12-də də maraqlı tədbirlərlə yadda qaldı. Belə ki, həmin gün Özbəkistan Təsviri İncəsənət Qalereyasında “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” adlı sərgi təşkil olundu. Həmçinin Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Azərbaycan Dövlət Yuğ Teatrının “Mənəm, mən” tamaşası nümayiş etdirildi.

Həmin gün özbək sənətsevərlər dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşasını izlədilər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu dünya şöhrətli əsəri Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim etdilər.

İyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin “Qılınc və qələm” kitabının təqdimatı keçirildi. Qeyd edək ki, bütün bu silsilə tədbirlərdə Mədəniyyət Könüllüləri fəal iştirak ediblər.