Belarus Mədəniyyəti Günləri
Aprel 2, 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
May 1, 2024

Qırğız Mədəniyyəti Günləri

Aprel 23, 2024

23-26 aprel tarixlərində ölkəmizdə ilk dəfə Qırğız Mədəniyyəti Günləri keçirilir. Aprelin 23-də Nizami Kino Mərkəzində tədbirlər silsiləsindən ilki – Qırğız kinosu günlərinin açılış mərasimi oldu. Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan və qırğız xalqları arasındakı tarixi dostluq əlaqələrindən danışdı. Qeyd edib ki, Türk dünyası ailəsinin üzvləri kimi xalqlarımızı həm də mədəniyyət yaxınlaşdırır.

Sonra rejissor Ruslan Akunun “Cənnət anaların ayaqları altındadır” filmi nümayiş olundu.

Aprelin 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirildi.
Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak etdilər. Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində təqdim edilən Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış oldular.

Mədəniyyət naziri Adil Kərimli qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir: “Dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişafına münbit zəmin yaratdı. Dövlət başçılarımızın bu gün Bakıda keçirilən görüşləri və görüş zamanı müxtəlif sahələr imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafına öz  töhfəsini verəcək”. Nazir deyib ki, Azərbaycan xalqı görkəmli qırğız yazıçısı Çingiz Aytmatova böyük ehtiramla yanaşıb. Bu gün dövlət başçılarımızın iştirakı ilə Bakı şəhərində Çingiz Aytmatovun abidəsinin açılışının keçirilməsi iki ölkə arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin parlaq təzahürüdür.

 Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov çıxışında mədəniyyətin bizə ata-babalarımızdan miras qaldığını deyib, onun gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib: “Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri xalqlarımız arasında iki tərəfli əməkdaşlığı möhkəmləndirəcək. Qırğız və Azərbaycan mədəni əlaqələrinin mövcud vəziyyəti əməkdaşlığın gələcəyinə optimist baxmağa əsas verir. Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycanın, həm də Qırğızıstanın geniş imkanları var. İnanıram ki, bu əməkdaşlıq bizi daha da yaxın edəcək. Sonda bir daha səmimi qarşılanmaya, yüksək qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümü  bildirirəm”. Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olundu. 

 Aprelin 26-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qırğız Mədəniyyəti Günlərinin təntənəli bağlanış mərasimi keçirildi. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak etdilər. Əvvəlcə qonaqlar Akademik Musiqili Teatrın foyesində təqdim edilən Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış oldular.

 Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov çıxış edərək deyib ki, Azərbaycan və qırğız xalqlarının dostluq və qardaşlığının əsasında həm də mədəni münasibətlər, ümumi dəyərlər dayanır. Altınbek Maksutov qırğız nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və mədəniyyət günlərinin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkür edib. O həmçinin ölkəmizin incəsənət ustalarını Qırğızıstanda keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində görmək istədiyini də dilə gətirib.

Daha sonra qardaş ölkənin incəsənət ustalarının ifasında qala-konsert təqdim olundu.

 Qeyd edək ki, Qırğız Mədəniyyəti Günlərində mədəniyyət könüllüləri fəal iştirak etdilər.