Avqustun 26-da Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın şəhərindəki Bayraq meydanında Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi keçirilib. Bayram ab-havası ilə keçirilən mərasimdə doğma Vətənə qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Silsilə tədbirlər sırasına Mədəniyyət Könüllüləri könüllülük fəaliyyətindən başqa öz proqramı ilə qatılıblar.
Belə ki, “Sən də Mədəniyyətə Könül Ver!”şüarı altında “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən uşaqlar üçün çərpələng uçurtma, müxtəlif yarışlar, əyləncəli oyunlar, face art təşkil olunub. Yarışlarda iştirak edən uşaqlara “LEKAL” Şirkəti tərəfindən hədiyyələr təqdim olundu.
Uşaqlar və böyüklər eyni şüar altında öncədən hazırlanan divar kağızına isə hər kəs ürək qəliblər vuraraq mədəniyyətə könül verirdilər.
Bundan başqa “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı və “LEKAL” Şirkətinin dəstəyi ilə “Ədəbiyyata Könül Ver!” adlı kitab qutusu hazırlanaraq Laçın şəhərinə hədiyyə edildi. Bu kitab qutusu vasitəsilə insanlar bir-birlərinə kitab ötürərək ədəbiyyatı və mütaliəni təbliğ edəcəklər.




