“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirildi
Aprel 21, 2023
Mədəniyyət Könüllüləri Milli İncəsənət Muzeyində
May 18, 2023

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi

May 12, 2023

Mayın 12-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirildi. Təntənəli mərasim “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Şuşa şəhərində gerçəkləşdi.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kumanıçbek Ömüraliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və türk dövlətlərindən rəsmilər, incəsənət ustaları və kollektivləri iştirak etdilər. 

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qonaqları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada salamlamaqdan məmnunluğunu dilə gətirdi. Bildirdi ki, bu il Azərbaycan və türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngindir. Belə ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri, türk dünyasının əvəzsiz liderlərindən biri olan Heydər Əliyevin 100 illik yubileyi geniş təntənə ilə qeyd olunur və bununla əlaqədar 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilmişdir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş, Türkiyə Cumhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi türk dünyasında böyük təntənə ilə qeyd olunur. Fürsətdən istifadə edərək, bütün TÜRKSOY ailəsini bu münasibətlə təbrik edirik.

Nazir qeyd etdi ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi türk dünyası tərəfindən Şuşaya olunan xüsusi ehtiramın təzahürüdür. Şuşa azərbaycanlılar üçün olduqca böyük mənəvi əhəmiyyəti olan bir şəhərdir. Bu şəhər xalqımızın taleyində, onun tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Şuşa şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar şəhəridir.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Şuşa, Azərbaycanın gözüdür! Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir! Şuşa hamı üçün əzizdir”.

TÜRKSOY-un baş katibi Sultan Raev Şuşanın tarixən Azərbaycan və bütövlükdə türk dünyasına bəxş etdiyi ədəbiyyat və mədəniyyət xadimlərindən danışdı. O, Şuşanın mədəni zənginliklərinin təbliğinə həmişə diqqət yetirəcəklərini diqqətə çatdırdı.

Türk Dövlətləri Təşkilatının baş katibi Kumanıçbek Ömüralıyev türk dövlətləri arasında əlaqələrin əhəmiyyətindən, bu kontekstdə mədəniyyət amilinin zəruriliyini vurğuladı. O, türk dövlət başçılarının son illər çox vacib qərarlar qəbul etdiklərini bildirdi.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu ata yurdunda olmağından məmnunluğunu dilə gətirdi. TÜRKSOY-un yaranması və fəaliyyəti haqqında məlumat verdi. Sonra TÜRKSOY-un mükafatları təqdim olundu. Daha sonra konsert proqramı baş tutdu. Mədəniyyət Könüllüləri tədbirdə fəal iştirak etdilər.